AzeriUmma

Fitrə zəkatı haqda alimlərin fətvaları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir. Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı “Fitrə zəkatı” qoyulmuşdur. (Ibn Useymin).

2. Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir”. Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qabqacaq və s. çıxartmaq olmaz. (Ibn Useymin).

3. Sual: Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?
Cavab: Fitrə zəkatı hər bir müsəlman üzərində vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə bu zəkatı fərz etmişdir. (Ibn Cibrin).

4. Sual: Fitrə zəkatını verməkdən imtina edənin hökmü nədir?
Cavab: Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır. (Ibn Useymin).

5. Sual: Fitrə zəkatının hökmü nədir və bunu çıxarmaq üçün insanın malı müəyyən həddə yetişməlidirmi?
Cavab: Fitrə zəkatının hökmü fərzdir və bunun çıxarılmasında nisab (malın müəyyən həddə yetişməsi) şərt deyil. (Şeyx, Əbdül Əziz Ibn Bəzz).

6. Sual: Fitrə zəkatı kimə vacib və kimə müstəhəbdir?
Cavab: Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir. (Ibn Useymin).

7. Sual: Ev sahibi fitrə zəkatını ev əhlinin (bütün ailə üzvlərinin) əvəzinə verməlidirmi?
Cavab: Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur. (Şeyx, Əbdül Əziz Ibn Bəzz).

8. Sual: Fitrə zəkatında verilən yeməklər məhduddurmu?
Cavab: Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir. (Şeyx, Əbdül Əziz Ibn Bəzz).
Hədisdə deyilir ki, fitrə zəkatı beş şeydən çıxarılır. Buğda, arpa, xurma, kişmiş və un. Amma bəzi təhqiqatçı alimlər demişlər ki, deyilən bu beş növ yemək növləri o vaxtın istifadə olunan yeməkləri idi. Buna görə də hansı ölkədə nəyə çox təlabat varsa fitrə zəkatı da ondan çıxarılır. (Şeyx: Ibn Cibrin). Həmçinin şeyx Ibn Bəzzdən söruşdular ki, hal hazırda fitrə zəkatını düyü vermək olarmı? Cavabında: Bəli olar və bu daha yaxşıdır, Çünki bugünki insanların təlabatı bu yeməkdir.

9. Sual: Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı?
Cavab: Fitrə zəkatı yalnız hədisdə adı keçən yeyinti məhsullarının cinsindən olmalıdır. Məsələn: Fitrə zəkatında ət, paltar, həmçinin pul da vermək olmaz.  (Ibn Useymin, Ibn Cibrin, Ibn Bəzz).

10. Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?
Cavab: Şeyx Ibn Bəzz-in rəyinə görə fitrə zəkatının miqdarı təqribən 3 kq-dır. Amma şeyx Ibn Useyminə görə 2,5 kq-dır.

11. Sual: Fitrə zəkatı nə vaxt çıxarılır?
Cavab: Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar. (Ibn Cibrin).

12. Sual: Fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?
Cavab: Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib. (Ibn Useymin).

13. Sual: Fitrə zəkatını ramazanın ilk günləri çıxartmaq olarmı?
Cavab: Bu məsələ alimlərin arasında ixtilaflı məslədir. Amma daha doğru olan rəy odur ki, fitrə zəkatı bayramdan bir-iki gün və ya bayram namazina çıxmadan öncə verilməlidir ki, kasıb adam bayram günü evində yeməyə bir şey tapsın və gedib başqasından istəməsin. (Ibn Useymin).

14. Sual: Fitrə zəkatının veriləcək yerləri hansılardır?
Cavab: Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: “Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir”. Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir. (Ibn Useymin).

15. Sual: Fitrə zəkatı harada çıxarılmalıdır?
Cavab: Firtrə zəkatı sənin bayram günü olduğun yerdə çıxarılmalıdır. Bu daha yaxşıdır. Bu rəy, İbn Bəzz, İbn Useymin, əlFovzan, İbn Cibrin və s. alimlərin rəyidir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram