AzeriUmma

Quran möminlər üçün Şəfadır

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Heç bir Şübhə yoxdur ki, Qurani-Kərim və Peyğəmbərdən –səllallahu aleyhi və səlləm- ovsunla müalicə barədə nəql olunan dua və zikrlərdən istifadə etməklə aparılan müalicə ən xeyirli müalicə və tam bir Şəfadır. Bunu aşağıdakı ayələr də təsdiq edir.
Belə ki, Allah-taala buyurur: «[Ya Məhəmməd!] De ki: «O, iman gətirənlərə hidayətdir və [cəhalət xəstəliyinə tutulmuş ürəklərə] şəfadır».(Fussilət, 44.)
Digər bir ayədə isə belə deyilir: «Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik». (əl-İsra, 82)
Ayələrdən də göründüyü kimi Quran bütünlüklə bir şəfadır və bu barədə Allah-taala başqa bir ayəsində belə deyir:

«[Ey insanlar!] Sizə Rəbbinizdən bir öyüd-nəsihət , ürəklərdə olana [cəhalətə, şəkk-şübhəyə, nifaqa] bir şəfa, möminlərə hidayət və mərhəmət [Quran] gəlmişdir!»(Yunus, 57)

Quran bütün qəlb və bədən, dünya və axirət xəstəliklərinin tam bir şəfasıdır. Lakin Qurani-Kərimdən istifadə etməklə şəfa istəmək hər bir kəsin bacardığı və müvəffəq olduğu bir iş deyil. Əgər xəstə Qurandan istifadə etməklə yaxşı müalicə olunsa, yaxud onun vasitəsilə öz xəstəliyini sidq ürəklə, imanla, qəbul olunacağına tam ümüd bəsləyərək, qəti etiqadla və şərtlərinə riayət edərək müalicə etsə, sözsüz ki, heç bir xəstəlik onun [Qurana] qarşısında əsla tab gətirə bilməz. Axı necə ola bilər ki, xəstəliklər yer və göyün Rəbbinin kəlamından təsirlənməsin və onun qarşısında tab gətirə bilsin?! özü də elə bir kəlam ki, əgər Allah-taala onu dağlara və yerə nazil etsəydi, onları parça-parça edərdi. Elə bir qəlb və ya bədən xəstəliyi tapılmaz ki, Quranda Allahın öz kitabını anlamaqdan ötəri fəhm bəxş etdiyi kəslər üçün onların müalicə üsulu, əmələ gəlmə səbəbləri və onlardan qorunmağın üsulu olmasın.

Uca və böyük Allah Quranda qəlb və bədən xəstəliklərini və onların müalicəsini qeyd etmişdir. Qəlb xəstəlikləri iki növə bölünür. Birincisi, şəkk-şübhə xəstəliyi, ikincisi isə şəhvət və azğınlıq xəstəliyidir. Bütün nöqsanlardan uzaq olan Allah müfəssəl olaraq həm qəlb xəstəliklərini, həm xəstəliklərin yaranma səbəblərini, həm də bu xəstəliklərin müalicə üsulunu qeyd edir. O, bu barədə belə deyir: «Məgər müşriklərə oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də ibrət vardır!» (əl-Ənkəbut, 51)

Dahi alim İbn əl-Qeyyim -Allah ona rəhmət eləsin!- demişdir: “Quranın şəfa vermədiyinə Allah da şəfa verməz, Quranın kifayət etmədiyinə Allah da kifayət etməz”.(Zəd əl-Məad”, 4/352)

Bədən xəstəliklərinə gəldikdə isə Quran onun müalicəsinin üsul və qaydalarını göstərmiş və bu bədən xəstəliklərinin müalicə qaydaları bütünlüklə Qurani-Kərimdə öz əksini tapmışdır. Bunlar üçdür: səhhəti qorumaq, zərərli amillərdən çəkinmək, bədəni zərərli və əziyyət verici maddələrdən təmizləmək və bununla da bu növə aid olan digərlərini də göstərmək, bəyan etmək(Bax: “Zəd əl-Məad”, 4/352 və 4/6.)

Əgər bəndə Qurandan istifadə etməklə özünü düzgün müalicə etsə, bunun tez bir müddətdə şəfa tapmasına göstərdiyi möcüzəvi təsirin şahidi olar. Dahi alim imam İbn əl-Qeyyim -Allah ona rəhmət eləsin!- demişdir: “Bir müddət Məkkədə qaldım. Orada naxoşladım. Nə həkim, nə də dava-dərman tapa bildim. özümü əl-Fatihə surəsilə müalicə edirdim. Bunun da möcüzəvi təsirini görürdüm. Bir az Zəm-zəm suyu götürür, dəfələrlə ona oxuyub sonra da içirdim. Beləliklə də tam sağaldım. Sonralar bir çox ağrıları müalicə edərkən bu üsula əsaslanır və bunun da son dərəcə faydasını görürdüm. Ağrıdan şikayətlənənlərə bu müalicə üslubunu tövsiyə edirdim. Əksəriyyəti də tez bir müddətdə sağalırdı”.(“Zəd əl-Məad”, 4/178; “əl-Cavab əl-Kafi”, səh. 21)

Peyğəmbər üsulu ilə aparılan müalicə ən xeyirli dəvadır. Dua qəbul olunmasına əngəl olan amillərdən uzaq olduğu və bu dualarda israr özünü göstərdiyi təqdirdə arzu olunmayan hərəkətlərin dəf olunmasında, istənilən şeylərin isə əldə olunmasında ən xeyirli amil və ən faydalı dəvadır. O həmçinin bəlanın düşmənidir, onu dəf edir və ondan müalicə edir. Dua bəlanın nazil olmasının qarşısını alan, nazil olduğu təqdirdə isə onu yüngülləşdirən bir amildir.(Bax: “əl-Cavab əl-Kafi”, səh. 22-25)

Bu barədə Allahın elçisi hədislərinin birində buyurmuşdur: «Dua nazil olan və olmayan bəlalar üçün xeyirlidir. Odur ki, ey Allahın qulları Allaha dua edin!».(Tirmizi, Hakim və Əhməd. Hədisi əl-Albani yaxşı hesab etmişdir. Bax: “Sahih əl-Cam’i”, 3/151,N 3403)

O başqa bir hədisində isə belə demişdir: «Qəzavü-qədəri dəyişdirən ancaq duadır, ömür isə yalnız yaxşılığın sayəsində uzanır».(Tirmizi, Hakim və Əhməd. Hədisi əl-Albani yaxşı hesab etmişdir. Bax: “Silsilətul-əhadis əs-sahih”, 1/76, N154)

Lakin burada başa düşülməsi labüd olan bir ünsür vardır. Bu da şəfa istəməkdə və ovsunla müalicədə istifadə olunan ayə, zikr, dua və sığınmalardır ki, bunların da öz-özlüyündə xeyirli bir şəfa vardır. Lakin bunun üçün müalicə aparan şəxsin bu işdə göstərdiyi səylərinin qəbul olması, onun güclü və təsiredici gücə malik olması şəfanın əldə olunması üçün başlıca ünsürlərdir. şəfa gecikdiyi təqdirdə bilmək lazımdır ki, bunun səbəbi ya müalicə edən şəxsin təsirinin zəifliyi, ya müalicə aparan şəxsin bu işdə göstərdiyi səylərin qəbul olunmaması, ya da dəvanın yaxşı təsir göstərə bilməsinə əngəl törədən güclü bir maneənin olmasıdır. Ovsunla müalicə iki cəhətdən aparılır. Birincisi xəstə tərəfindən, ikincisi isə müalicəni aparan şəxs tərəfindən.

Müalicə xəstənin özü tərəfindən aparıldıqda onun mənəvi cəhətdən güclü olması, Allah-taalaya sidq ürəklə yönəlməsi, Quranın möminlər üçün şəfa və rəhmət olması barədə dəyişməz əqidəyə sahib olması və qəlblə dediklərinin üst-üstə düşdüyü düzgün sığınmalarla Allaha sığınması əsas götürülür və bu da bir müharibə növüdür ki, müharibə aparanın iki amilə sahib olmadan düşmənə qalib gələ bilməsi mümkün deyil.

Bu amillər müharibə aparan şəxsin silahının düzgün və yaxşı, qolunun isə qüvvətli olmasından ibarətdir. Bu iki amildən birinin gecikdiyi təqdirdə, silah lazımi gücü verməkdən aciz olur. Əgər bu iki amilin heç biri olmazsa, onda qəlb Allahın təkliyindən, Ona olan təvəkküldən, Allah qorxusundan və Ona yönəlməkdən təcrid olaraq xarab olar və buna qarşı da mübarizə aparmaq üçün heç bir silah olmaz.

Müalicə Quran və Sünnədən istifadə edərək müalicə aparan şəxs tərəfindən həyata keçirilsə, yenə də yuxarıda qeyd etdiyimiz iki amilin həmin şəxsdə mövcud olması labüddür Bu baxımdan da İbn ət-Tin -Allah ona rəhmət eləsin!- bu barədə belə demişdir: “Sığınmalar və Allahın adlarından istifadə etməklə aparılan ovsunlu müalicə mənəvi müalicədir və əgər bu müalicəni aparan şəxslər doğru-dürüst insanlardırsa, Allah-taalanın izni ilə xəstə şəfa tapar”.

Alimlər üç şərtin mövcud olduğu təqdirdə ovsunlu müalicəyə icazə vermişlər
1. Ovsunla müalicə Allah-taalanın kəlamı, yaxud Onun ad və sifətləri, yaxud da Onun elçisinin –səllallahu aleyhi və səlləm- kəlamı ilə olmalıdır.
2. Ovsunla müalicə ya ərəb dilində, ya da başqaları tərəfindən başa düşülən bir dildə olmalıdır.

3. Etiqad olunmalıdır ki, ovsunla müalicə biləvasitə deyil, Allahın qüdrəti sayəsində təsir göstərir və o, insanın şəfa tapmasında sadəcə olaraq bir vasitə rolunu oynayır.

Böyük əhəmiyyətə malik bu mövzunu özümün «Zikr, dua və Quran və Sünnədən istifadə etməklə ovsunla müalicə» adlı kitabımda müxtəsər şəkildə qələmə aldım və bu fəslə faydalı məsələləri əlavə etdim. Uca və böyük Allahdan Onun gözəl adları və uca sifətləri ilə bu işi sırf Onun rizası üçün etməkdə mənə yardım etməsini diləyirəm. Həmçinin bu işdə mənə, kitabı oxuyanlara, çap etdirənlərə, onun nəşrində vasitəçilik edənlərə və bütün müsəlmanlara xeyir bəxş etməsini diləyirəm. Həqiqətən bunları edən Allah taaladır və O buna qadirdir. Sonda peyğəmbərimiz Məhəmmədə –səllallahu aleyhi və səlləm-, onun ailəsinə, əshabələrinə və Qiyamətə qədər onun yolunu layiqincə davam etdirənlərə Allahın salamı, xeyir-duası və bərəkəti olsun deyirəm.
Səid bin Əli bin Vəhf əl-Qəhtani

AzeriUmma

“Azeriumma” - ehtiyaclı müsəlman ailələrin əməliyyat, müalicə, paltar, yemək və digər gündəlik tələbatını ödəyə bilməyənlərə lazımı vəsaitlərin çatdırılmasını effektiv və qısamüddətli etmək üçün təşkil olunmuşdur.

Telegram